Vaqif Gərayzadə — Azərbaycan bəstəkarı, fəlsəfə elmləri üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2011). Müxtəlif janrlarda, o cümlədən caz, pop musiqisində mahnı və musiqilərin müəllifidir. Bir sıra beynəlxalq festival və müsabiqələrin laureatı, “Aypara”, “W-trio“, “Şeron”, musiqi qruplarının yaradıcısı, “Şərq ulduzları” və “Şərq çırağı” vokal qruplarının rəhbəri olmuşdur.

Vaqif Əzizağa oğlu Gərayzadə 27 mart 1961-ci ildə Bakıda anadan olub. O, ilk musiqi təhsilini 1971-1976-cı illərdə Bakının Bakıxanov qəsəbəsindəki 4 saylı 5 illik musiqi məktəbinin fortepiano sinfində alıb. 1983–1987-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun kütləvi tamaşalar rejissoru fakültəsini bitirərək, 1993-1997-ci llərdə təhsilini bu ali məktəbin aspiranturasında davam etdirib. Azərbaycan Dövlət Konsert Birliyində, Filarmoniyada işləyib. Mədəniyyət və İncəsənət Universiteti mədəniyyət tarixi və nəzəriyyəsi kafedrasının müəllimi, həmçinin estrada populyar musiqi kafedrasının təşəbbüskarı və ilk müdiri olub.

Müxtəlif janrlarda, o cümlədən caz, pop musiqisində əsərlərin müəllifidir.

Vaqif Gərayzadə fəlsəfə elmləri üzrə fəlsəfə doktoru, dosentdir.

1994 və 2000-ci ilin may ayında indiki, H.Əliyev adına Respublika Sarayında Vaqif Gərayzadənin yaradıcılıq gecəsi keçirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2011-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi” fəxri adına layiq görülmüşdür.

Ailəlidir, 2 övladı var.

Estradamızın artistləri