Qızıl payız-69 — 23–29 oktyabr 1969-cu il tarixlərində Bakının Əl oyunları sarayında estrada, muğam və caz janrları üzrə keçirilən musiqi həftəsi. Festival Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqı (UİLKGİ) və Bakı Şəhər İcraiyyə Komitəsinin mədəniyyət şöbəsi tərəfindən keçirilmişdir.

1960-cı illərin sonları, 1970-ci illərin əvvəllərində Bakıda müxtəlif mahnı və rok müsabiqələri keçirilirdi. “Qızıl payız-69” keçirilən “Qızıl payız” festivallarının birincisi idi və özündən əvvəlki Bakı musiqi festivallarını özündə birləşdirirdi. Bu, həm tamaşaçı sayına, həm də ifaçıların peşəkarlıq səviyyəsinə görə özündən əvvəlkilərdən daha uğurlu hesab olunurdu. Belə ki, festivalda 400-dən artıq bədii özfəaliyyət dərnək üzvləri iştirak edirdi ki onların əksəriyyəti peşəkar musiqiçilər idi. Tamaşaçıların sayı on minlərlə idi.

Konsert həftəsinin proqramına Azərbaycanda həmin dövrün populyar musiqi janrları üzrə müsabiqələr daxil edilmişdi — estrada mahnısı, muğam və caz musiqi ifaçılarının müsabiqələri. Onlar uyğun olaraq “Estrada-69”, “Muğam-69” və “Caz-69” adlanırdı və hər biri iki gün davam edirdi. Hər müsabiqə üzrə qaliblər təyin olunaraq onlara “festivalın laureatı” adı verilir və onlar birinci, ikinci və üçüncü dərəcəli diplomlarla təltif olunurdular.

ESTRADA-69

III Bakı estrada mahnıları festivalı “Estrada-69” — 1969-cu ilin 23 və 24 oktyabrında keçirildi. Bakı şəhərinin on üç kollektivindən otuza yaxın müğənniləri bu festivalın qalibi olmaq üçün mübarizə aparırdılar.

Münsiflər heyəti

  • Rauf Atakişiyev (Münsiflər heyətinin sədri)
  • Zakir Bağırov
  • Cabir Novruz
  • Oqtay Kazımov
  • Leonid Vaynşteyn
  • Vaqif Mustafazadə
  • Rafiq Babayev
    və başqaları.

Mükafatlar və İştirakçılar

  1. Tünzalə Qəhrəmanova (I mükafatın laureatı)
  2. Eldar Bağırov (II mükafatın laureatı)
  3. Nuriyyə Mansurova (III mükafatın laureatı)
  4. Emin Babayev
  5. Eldar Behbudov
  6. “Eskulap” qrupu
  7. “Ekspress-118” qrupu
  8. “3+2” qrupu
  9. “Melodiya” qrupu
  10. “Minor” qrupu
  11. “Цвет” vokal-instrumental ansamblı
  12. “Qamma” qrupu
  13. “Məşəl” vokal-instrumental ansamblı
  14. “Günəş” qrupu
  15. “Qara Qayalar” qrupu (laureat)
  16. “Ritm” qrupu
  17. “Odlar” instrumental ansamblı
Estradamızın artistləri